Rektor və prorektorlara üzməyi öyrədir | Prezidentin maşın bağışladığı çempion kimdir?

 Rektor və prorektorlara üzməyi öyrədir |  Prezidentin maşın bağışladığı çempion kimdir?
  24 Yanvar 2024    Oxunub:5124
Bəzən elə insanlarla qarşılaşırıq ki, onların gördüyü işlər, həyata baxışı və yaşam tərzi bizə ruh yüksəkliyi verir və nələrisə etməyə həvəsləndirir. Zənimcə, Bakı Ali Neft Məktəbinin Bədən Tərbiyəsi və İdman kafedrasının Baş müəllimi Pyotr Kuvşinov da belə insanlardan biridir.
Rus əsilli azərbaycanlı olan Pyotr müəllim Qarabağ müharibəsi veteranı, peşəkar üzgüçü, su polosu oyunçusudur. O, 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanıb və 1996-cı ilə qədər döyüşlərdə iştirak edib. Müharibə illərində ən qaynar hərbi nöqtələrdə - Ağdərə, Laçın, Kəlbəcər, Murovdağ, Füzuli, Ağdam, Tərtərdə olub və iki dəfə yaralanıb. Murovdağ istiqamətində alay komandiri təyin edilib.

SSRİ Silahlı Qüvvələrinin çempionu, Azərbaycanın çempionu və medalçısı, eyni zamanda su polosu üzrə Rusiya çempionu olub. 2017-ci ildə İslam Oyunlarında su polosu üzrə Azərbaycan milli komandasına rəhbərlik edib, Birinci Avropa Oyunlarında Texniki məsul şəxs olub. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Pyotr müəllimə yeni avtomobil də hədiyyə edib. AzVision.az Pyotr Kuvşinovla söhbətləşib.


- Pyotr müəllim, sizinlə müsahibənin saatı barədə danışanda dediniz ki, tezdən 7-nin yarısı artıq məktəbdə olursunuz. Qoçaq insan olduğunuz elə buradan da bəllidir.
- Səhər 7-nin yarısı üzgüçülər bura gəlir. Tezdən gəlib istiliyi yoxlayıram, şəraitlə maraqlanıram. Hər gün 6-nın yarısı evdən çıxıram. Artıq 7 ildir ki, burada bu qayda ilə çalışıram. Bundan əvvəl isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində işləmişəm.

- İstəyərdim sizi yaxından tanıyaq. Harada doğulmusunuz, valideyinləriniz kim olub?
- Anam və atam Bakı ruslarından olublar. Ailədə iki qardaş olmuşuq. Babam və nənəm isə 100 il əvvəl Saratov şəhərindən Bakıya köçüblər.

Üzgüçü olmağımın maraqlı tarixçəsi var. Deməli, 5 yaşıma kimi ağciyərimdə problem var imiş. Xəstə olduğum üçün baxçaya belə məni qəbul etmirmişlər. O vaxt “Amfibiya adam” bədii filmi ekranlarda gedirdi. Ondan sonra valideyinlərim düşünüblər ki, üzgüçülük mənim səhhətimə yaxşı təsir edər və ciyərlərimdəki nasazlıq aradan qalxar. Və beləliklə, məni üzmək üçün hovuza aparıblar. 5 yaşımdan üzməyə başlamışam. Bundan sonra bütün xəstəliklərdən qurtulmuşam. İndi 66 yaşım var. Hələ də üzgüçülük yarışlarında iştirak edirəm. “Birlikdə üzək” adlı idman yarışı keçirdik. Orada 30 dəqiqə ərzində 1700 metr üzüb qalib oldum. Bu gün də 1 kilometr üzmüşəm. Bilirsiniz ki, Qarabağda yaralanmışam. Onurğamda qəlpə qalıb. Almaniyada həkimlər baxıb dedi ki, təhlükəli deyil, sadəcə bədənimdə gəzəndə məni incidə bilər. Buna görə də hər gün üzürəm ki, onurğamdakı ağrı azalsın.



-Birinci Qarabağ Müharibəsindən 30 ildən çox vaxt keçib, ancaq onun ağrılarını hələ də daşıyırsınız. Müharibəyə öz istəyinizlə getmişdiniz?
-1992-ci ildə mən müharibəyə könüllü qatılmışam. O zaman 35 yaşım var idi. Mənə deyirdilər ki, “sən russan, nə əcəb gəlib burada döyüşürsən?”. Deyirdim, döyüşmək hər kişinin borcudur. Erməniyə torpaq verəcəkdim ki?!

Bizim batalyonun yarısı idmançılardan ibarət idi. 701-ci briqadanın tərkibində idik. Şıxov briqadası deyirdilər. Şıxovda hərbbi hissə var idi. Rəhmətlik general Zaur Rzayev bizi ora topladı, təlim keçdik və birbaşa Qarabağa getdik. O vaxtlar XTQ yox idi, bizim batalyon onu əvəz edirdi. Harada vəziyyət pis idisə, ora gedirdik. Mən 7 döyüş zonasında olmuşam. Əsgər və zabitlərdən 10 yaş böyük idim.



Vətən müharibəsində yenidən döyüşlərə qatılmaq istəyirdim. Ancaq mümkün olmadı. Çünki 2019-cu ildən onkoloji xəstəlikdən əziyyət çəkirdim. Əməliyyat olunmuşdum, 12 dəfə kimyaterapiya ilə dərman qəbul etmişdim.

Bizim batalyonun sağ döyüşçüləri Vətən müharibəsində məsləhətçi qismində qatılmışdılar. İndiki hərbçilərin dronları, ağır silahları var. Bizim silahlar zəif idi. Ancaq bizdə ürək, cəsarət var idi.


- Döyüş yoldaşlarınız arasında sizdən başqa rus əsilli hərbçi var idi?
- Alek və İqor adlı iki qardaş var idi. Müharibənin getdiyi bütün yerlərdə mənə hörmət edirdilər. Hansı kəndə gedirdimsə, azərbaycanlılar axrıncı yeməklərini mənə verirdilər. Murovda döyüşəndə Moskvanın “İzvestiya” qəzetinin müxbiri cəbhə xəttinə gəlmişdi. Əsgərim gəlib dedi ki, “komandir, yüksəklikdə xarici vətəndaş var, fotolar çəkir”. Çölə çıxıb baxdım ki, ermənilər BMP-dən atır, fotoqraf isə aparatla çəkir. Dedim, düş aşağı. Xarici görünüşümə və danışığıma əsasən başa düşdü ki, azərbaycanlı deyiləm. Dedi, sən russan? Dedim, hə. Sonra onu aşağı düşürtdüm və məndən müsahibə götürdü. Belə bir sual verdi: “37 yaşın var. Evdə arvadın, qızın səni gözləyir. Millətin də rusdur. Sənin burada nə işin var”. Ona dedim ki, mənim atam və anam bu torpaqda doğulublar, mən də Azərbaycanda dünyaya göz açmışam. Bu, mənim torpağımdır. Axrıncı düşmən çıxıncaya qədər cəbhədə qalacağam. O, məndən soruşdu ki, “sən qorxmursan ki, müsahibəni Moskvada oxuyacaqlar?”. Dedim, kimdən qorxmaq lazımdır ki?



Seysulan kəndində gedən döyüşlərdə yaralanmışdım, Sarıcalıdakı xəstəxanaya apardılar. Palatada 7-8 nəfər adam idik. Tibbb bacısı mənə yaxınlaşanda soruşdu ki, “russan?”. Dedim, hə. Hamını qoyub, mənlə məşğul oldu. Soruşdu ki, nə qulluq lazımdır? Dedim, sən bilmirsən ki, rus milləti “obed”dən qabaq nə istəyir? Spirti nəzərdə tuturdum. Güldü. O, mənə siqaret tapdı gətirdi. Belə hörmətə biganə qalmaq olar?

Mən Azərbaycandan kənarda yaşaya bilmirəm. 2011-ci ildə həyat yoldaşım rəhmətə getdi. 1997-ci ildən evlənib Almaniyada yaşayan böyük qızım dedi ki, köç Almaniyaya, burada tək nə edəcəksən ? Dedim, burada mənim torpağım, çörəyim, ananın məzarı var. Vətəni qoyub gedə bilmərəm.

Qızım mənə iki şərt qoydu, dedi, ya Azərbaycanda yenidən evlənəcəksən, ya da mənlə birgə Almaniyaya gedəcəksən. Mən də evlənməyə razı oldum. Qızım məni evləndirdi. O zaman 56 yaşım var idi. İndi iki qızım, iki nəvəm var. Böyük nəvəmin 15, kiçik qızımın isə 11 yaşı var.


- Dörd il bundan öncə siz dənizdə batan iki nəfəri xilas etməklə məşhurlaşmışdınız. O hadisə necə olmuşdu?
- Həmin hadisə Şüvəlan çimərliyində baş vermişdi. Mən həyat yoldaşımla istirahət etməyə getmişdim. Onda kimyaterapiya qəbul edirdim, dənizə girmək olmazdı. Küləkli hava idi, böyük dalğa var idi. Bir də gördüm ki, dənizdə 3 nəfər- balaca qız, anası və atası batır. Əvvəlcə qızı, sonra isə anası və atasını dalğalar apardı. Mən bunu görüb özümü dənizə atdım. Birinci qızı xilas etdim, sonra isə anasının arxasınca getdim. Dalğa onları lap uzaqlaşdırmışdı. Həyat yoldaşım sahildən yön verirdi, mən də o istiqamətdə gedirdim, çünki görmürdüm. Qadınla uşağı xilas etdim, kişi isə ürək partlamasından suda ölmüşdü. 25-30 dəqiqə dayanmadan üzmüşdüm. İndi həmin qızın xalası mənə onun şəklini göndərir, deyir, dərslərini yaxşı oxuyur.



- Bakı Ali Neft Məktəbinə yolunuz necə düşdü?
- Bura məni rektorumuz Elmar müəllim çağırdı. Bizi keçmiş prorektor Zəfər Qurbanov tanış etdi. Rektor bioqrafiyamla maraqlanandan sonra işə götürdü.

- Peşəkar üzgüçüsünüz. Tanınmış şəxslərdən kimlərə üzməyi öyrətmisiniz.
- Rektorumuz Elmar müəllimə, daha sonra 3 prorektorumuza üzməyi öyrədirəm. Kim sudan qorxursa, ona öyrətmək çətin olur. Elmar müəllim, sudan qorxmurdu. Bir balaca öyrənəndən sonra dərinliyə gedirdi. Deyirdim, Elmar müəllim, neyniyirsiniz? Deyirdi, niyə qorxum ki, sən burdasan da, xilas edəcəksən.(Gülür)



Sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Namiq Abdullayevin onurğasında problem yaranmışdı. Biz onu üzgüçülüklə aradan qaldırdıq. Onun qardaşı, digər güləşçimiz Arif Abdullayevə 36 yaşında üzməyi öyrətim, 37 yaşında çempon oldu.

- Bu yaxınlarda prezident sizə maşın bağışladı.Veteranlara verilən yerli istehsaldır?

-Yerli avtomobil markası olan "Xəzər" maşınıdır. Xərçəng xəstəliyindən sonra mənə ictimai nəqliyyatda gedib gəlmək ağır idi, 4 il növbədə gözlədim və mənə maşın verdilər.


Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti